Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb
Yaponiyanın nüfuzlu idman nəşrləri Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları birbaşa yayımla yapon tamaşaçılarına təqdim edib.

İnternet portallarında dərc olunan məqalələrdə Azərbaycanın dünyada ən çox sevilən idman növlərindən olan Formula 1 yarışını beşinci dəfə qəbul etdiyi bildirilir.

“Fuji-TV.Next” telekanalının şərhçiləri reportajda Formula 1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, tarixi məkanları əhatə edən və bənzərsiz trekdə yarışırlar.

Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.

Yaponiyanın nüfuzlu “formula1-data.com.gp”, “www.as-web”, “f1.sokuho.mopita.com”, “www.izito.jp”, “sports.skyperfekt.co.jp/motor/”, “F1-Gate.com”, “f1.express.cnc.ne.jp” internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.

Yaponiya KİV-lərində Formula 1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə geniş xəbərlər də yer alıb.

Xəbər 377 dəfə oxundu.