Ukraynada yaşayan idmançı həmyerlimiz: Tokio Olimpiadasında medal qazanacağıma inamım böyükdür
Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edən yunan-roma güləşçiləri arasında olan azərbaycanlı Pərviz Nəsibov medal qazanacağına inandığını deyib.

Tokioda keçiriləcək Olimpiya oyunlarına hazırlaşmaq üçün Polşada 21 günlük təlim-məşq toplanışlarına qatılıb. Proqrama uyğun olaraq məşqlərini davam etdirir.

“Mübarizə aparacağım 67 kq çəkidə olimpiya və dünya çempionları olan idmançılar var. Ancaq bunlar məni qorxutmur. Özümə, medal qazanacağıma inamım var. İlk dəfə Olimpiadada çıxış etsəm də, ora Allahın köməkliyi ilə məhz medal qazanmağa gedəcəyəm. Medalı çox istəyən qazanar”, - deyə Pərviz Nəsibov əlavə edib.

Soydaşımız vurğulayıb ki, Tokio Olimpiadası həyatını dəyişə bilər. Ona görə də bütün fikri və düşüncəsi Olimpiadada qızıl medal qazanmasıdır.

Pərviz Nəsibov bildirib ki, Olimpiadada medal qazanacağı halda, bu sevincini doğma Vətəninə gedib, Azərbaycanda qeyd edəcək: “6 yaşa kimi doğulduğum Ağstafa rayonunda yaşamışam. Daha sonra işlə əlaqədar ailəmizlə birgə Ukraynanın Nikolayev şəhərinə köçdük. Azərbaycan mənim doğma Vətənim olub və belə də qalacaq. Ukraynanı da ikinci Vətənim kimi çox istəyirəm. Şanslı idmançıyam ki, mənə olimpiadada iki doğma Azərbaycan və Ukraynadan olan insanlar azarkeşlik edəcək”.

Qeyd edək ki, Pərviz Nəsibov Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində 1/4 finalda Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayevə 3:2 qalib gəlməklə Tokio olimpiadasına lisenziya qazanıb.

22 yaşlı soydaşımız 2017-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilmiş yeniyetmələr arasında güləş üzrə Avropa çempionatının qalibi olub. Bundan başqa yeniyetmə və gənclər arasında dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarına da sahibdir.

AZƏRTAC

Xəbər 357 dəfə oxundu.