Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Boks Federasiyasının prezidenti Emil Jeçev başda olmaqla federasiyanın nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Prezidenti Heydər Əliyev avqustun 3-də Avropa Boks Federasiyasının prezidenti Emil Jeçev başda olmaqla federasiyanın nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev qonaqları salamlayaraq dedi:
- Şadam ki, siz Azərbaycandasınız və bu gün sizinlə görüşmək imkanına malikəm.
Boks idmanın maraqlı növüdür, onu çoxları sevir. Boks yarışları həmişə çox böyük maraq doğurur. Bu, dünyada yayılmış idman növüdür. Şəxsən mən bundan məmnunluq duyuram ki, boksun Azərbaycanda da öz zəngin ənənələri və tarixi var, prinsipcə fiziki inkişaf etmiş olan Azərbaycan xalqı idmanın digər növləri ilə yanaşı, boksla da məşğul olur.
Bu gün mən çox şadam ki, yeniyetmələr arasında IV Avropa boks çempionatı Azərbaycanda keçirilir. Mənə dedilər ki, çempionatda 27 ölkənin idmançıları iştirak edirlər. Bu, çox xoşdur və onu göstərir ki, müstəqil dövlət olaraq, Azərbaycan Dünya Birliyində - siyasi mənada da, iqtisadi mənada da, ictimai mənada da, o cümlədən idmanda da öz layiqli yerini tutmuşdur. Bu onu göstərir ki, Azərbaycan idmanı da dünyada tanınmışdır. Bütün bunlar, görünür, onun nəticəsidir ki, yeniyetmələr arasında IV Avropa boks çempionatı Azərbaycanda keçirilir.
Mən sizin çempionatınıza təbrik məktubu göndərdim. Sizi bir daha salamlayıram. Ümidvaram ki, burada IV Avropa çempionatı əvvəlkindən daha uğurla keçəcək və yeniyetmələr arasında Avropa çempionatı daha yüksək pilləyə qalxacaqdır. Sizin hamınıza Azərbaycanda vaxtınızı xoş keçirməyi arzulayıram.
Səmimi qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Boks Federasiyasının prezidenti Emil Jeçev Azərbaycan boksunun qitədə özünəməxsus yerə malik olduğunu bildirdi. Ölkəmizdəki qonaqpərvərlikdən məmnunluğunu ifadə edən E.Jeçev yeniyetmələr arasında IV Avropa çempionatının təşkilatçılığından da razı qaldıqlarını bildrdi.
Prezident Heydər Əliyev Emil Jeçevə təşəkkür edərək dedi:
- Bizim qonaqpərvərliyimiz, həqiqətən, yüksəkdir. Təəssüfləndiyim yeganə bir şey varsa, o da budur ki, yaxşı hava olmasını təmin edə bilmədik. Çox istidir. Bilmirəm, siz bu istiyə necə dözürsünüz. Yarışların keçirildiyi stadion yaxşıdır, onun tikintisinə mənim bilavasitə münasibətim olub. Lakin belə istidə orada yarışmaq daha böyük hünər, idmana sədaqət tələb edir. Mən bir çox onillərdir Bakıda yaşayıram, amma belə isti görməmişəm. Çox istidir.
Təkcə burada isti deyildir. Hər yerdə istidir. Xəbər verdilər ki, Amerika Birləşmiş Ştatlarında istidən 93 adam həlak olmuşdur. Avropada istidir, Rusiyada istidən meşələr od tutub yanır və buna görə orada indiyədək böyük çətinliklər var. Nə etmək olar. Əgər boksçular belə isti şəraitdə mübarizə aparır və yüksək göstəricilərə nail olurlarsa, bu bir daha göstərir ki, onlar güclü və layiqlidirlər.
Mən öz komandamıza görə sevinirəm. Yeniyetmə boksçularımız əvvəlki çempionatlarda həm qızıl, həm gümüş, həm də bürünc medallar qazanmışlar. Ümidvaram ki, onlar bu medalları burada da qazanacaqlar.
Başlıcası budur ki, bunun ictimaiyyətimiz üçün, adamlarımız üçün, gənclər üçün, yeniyetmələr üçün, Azərbaycanda bütün boksçular üçün çox böyük əhəmiyyəti var. Yəni bu, gəncləri boks kimi idman növü ilə məşğul olmağa ruhlandırır. Bu, bizim Boks Federasiyasını, federasiyamızın prezidentini sevindirir. O, çox səylər göstərmişdir və göstərir. Bir sözlə, burada təkcə bu Avropa tədbirindən olduqca çox maraqlı nəticələr var. Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, çempionatınızın son nəticələri münasibəti ilə də təbrik etməyə imkanım olacaqdır.

3 avqust 1999-cu il

Xəbər 3034 dəfə oxundu.