Hidayət Heydərov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Budapeştdə cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları davam edir.

Turnirdə 73 kiloqram çəki dərəcəsində otuzikidəbir finaldan mübarizəyə başlayan Hidayət Heydərov mozambikli Ayton Siquir, çexiyalı Jakub Jesmınek, italiyalı Ciovanni Espozıtonu məğlub edərək dörddəbir finala vəsiqə qazansa da növbəti mərhələdə Türkiyə təmsilçisi Bilal Ciloğluya məğlub olub. Təsəlliverici qarşılaşmada macarıstanlı Miklos Ungvarıya qalib gələn H.Heydərov bürünc medal görüşünə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Xəbər 403 dəfə oxundu.