Rövşən Bayramov tarixə düşüb
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Rövşən Bayramov tarixə düşüb. İdman.com.az saytının məlumatına görə, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında gümüş medala sahib çıxan 25 yaşlı atlet dördilliyin ən mötəbər turnirində 2-ci mükafatını qazandı.

4 il əvvəl Pekində gümüşlə kifayətlənən Rövşən yenə eyni əyarlı mükafatın sahibi olub. Bununla o, Olimpiadalar tarixində 1-dən artıq medal qazanan 3-cü Azərbaycan təmsilçisi oldu.

Bayramovadək buna Namiq Abdullayev və Zemfira Meftəhəddinova nail olmuşdu. Lakin Rövşəndən fərqli, onların hər ikisi çempionluq sevinci yaşayaraq Olimpiadalarda Azərbaycan himnini səsləndirib. Özü də onların hər ikisi qızıl medalı 2000-ci ildə Sidneydə qazanıb.

Namiq 1996-cı ildə qazandığı gümüşü 4 il sonra qızıla çevirmişdi. Zemfira isə əksinə, qızıldan sonra daha aşağı əyarlı medal əldə edib. O, 2004-də bürünclə kifayətlənib.

Xəbər 972 dəfə oxundu.