Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yeniyetmə şahmatçılar Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovu qəbul etmişdir


Azərbaycan Prezidenti Heydər Əliyev dekabrın 18-də yeniyetmə şahmatçılar - Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovu qəbul etmişdir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatçılara göstərilən böyük diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi, respublikamızda şahmatın inkişafına böyük təkan verən tədbirlər nəticəsində müxtəlif şəhər və rayonlarda şahmata marağın xeyli artdığını bildirdi, gənc şahmatçıların Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğuladı. O qeyd etdi ki, məhz bu qiqqət nəticəsində Teymur Rəcəbov öz yaş kateqoriyasında dünya çempionu oldu, Vüqar Həşimov Avropada 1-2-ci yerləri bölüşdürdü və Azərbaycan komanda hesabında 85 ölkə arasında 4-cü yerə çıxa bildi. Bundan əlavə Teymur və Vüqar bu ilin sonunda beynəlxalq usta normasını ödədi, Qədir Hüseynov Avropa çempionu, Rauf Məmmədovsa Moskva çempionu adına layiq görüldü.
Yeniyetmə şahmatçılar da öz adlarından Azərbaycan Prezidenti Heydər Əliyevə onları qəbul etdiyinə görə təşəkkürlərini bildirdilər və yenidən ölkə başçısı seçilməsi münasibəti ilə təbrik etdilər, göstərilən qayğıdan məmnun qaldıqlarını vurğulayıb, son uğurları barədə söz açdılar.
Öz növbəsində prezident Heydər Əliyev yeniyetmələri bir daha uğurlu nəticələrə görə təbrik etdi, onlara yeni-yeni uğurlar dilədi. O, uşaqların gələcəkdə də gözəl nəticələr göstərib, Azərbaycanın adını ucaldacaqlarına şübhə etmədiyini xüsusi vurğuladı. O, bütün bu yüksək nəticələrin məhz müstəqil Azərbaycanın adı ilə bağlı olmasından, mötəbər yarışlarda şahmatçılarımızın respublikamızın üçrəngli bayrağı altında çıxış etmələrindən xüsusi danışdı, onların valideynlərini və müəllimlərini qələbələri münasibəti ilə təbrik etdi.
Azərbaycan Prezidenti Heydər Əliyev 70-ci illərdə respublikada şahmata göstərilən xüsusi diqqətdən söz açdı, Harri Kasparov kimi böyük bir şahmatçının yetişməsində məhz bu qayğının əvəzsiz rolunu qeyd etdi. O, bildirdi ki, indi bizim yeniyetmə şahmatçılarımızın daha böyük potensialı var, çünki Kasparov o zaman bu yaşda indi bizim yeniyetmələrin əldə etdikləri uğurlara nail ola bilməmişdi.
Ölkə başçısı yeniyetmə şahmatçılara göstərilən xüsusi maliyyə yardımı nəticəsində əldə edilən uğurlardan sevindiyini dedi və əlavə etdi ki, əvvəllər Teymur və Vüqar onun şəxsi qayğısı altında idisə, indi həmin qayğı Rauf və Qədirə də göstəriləcək. Bununla bağlı Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə dövlət büdcəsinin ehtiyat fondundan onların hər birinə 40 milyon manat vəsait ayrıldığı bildirildi.
Respublikamızın rəhbəri keçmiş illər ərzində yaradılmış şahmat məktəblərinin vəziyyəti ilə maraqlandı, onların bərpa olunmasının zəruriliyini söylədi və aidiyyatı olan təşkilatlara müvafiq tapşırıqlar verdi. Hazırda başqa məqsədlər üçün istifadə edilən şahmat klubları və məktəblərinin hamısının geri qaytarılmasının əsaslı olduğunu bildirən Heydər Əliyev xüsusi olaraq qeyd etdi ki, şahmat Azərbaycanda öz yerini tutmalıdır.

18 dekabr 1998-ci il

Xəbər 3450 dəfə oxundu.