Fövqəladə Hallar Nazirliyi Formula 1 yarışı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 4-6-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Bu çərçivədə yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə FHN-in aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub.

Xəbər 357 dəfə oxundu.