AMADA ilə Avstraliyanın “Sport Integrity Australia” arasında əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Avstraliyanın dopinqlə və idman yarışlarında manipulyasiya ilə mübarizəyə cavabdeh qurumu olan “Sport Integrity Australia” (SIA) arasında 2021-2023-cü illəri əhatə edən əməkdaşlıq haqqında saziş imzalanıb.

AMADA-nın direktoru Şəfəq Hüseynlinin və SIA-nın direktoru Devid Şarpın imzaladıqları sənəddə üç istiqamətdə - təhsil, təhqiqat və idmançılar üçün ödənişsiz hüquqi yardım sahələrində əməkdaşlıq nəzərdə tutulur.

AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, dopinqlə mübarizə sahəsində səmərəliliyin artırılması üçün milli antidopinq təşkilatları arasında təcrübə və məlumat mübadiləsinin aparılması vacibdir. AMADA digər ölkələrin analoji qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verir və müsbət təcrübələrini onlarla bölüşməyə hazırdır. AMADA ilə SIA arasında təhqiqat və təhsil sahəsi üzrə müvafiq departamentlərin görüşləri keçirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.

SIA-nın direktoru Devid Şarp da beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, idmançıların hüquqlarının qorunması ilə bağlı AMADA-nın həyata keçirdiyi beynəlxalq və yerli layihələr onların böyük marağına səbəb olub. Dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsi ilə bağlı AMADA tərəfindən hazırlanmış layihədə iştirak edən ölkələrdən biri də məhz Avstraliyadır. D.Şarp idmançılara ödənişsiz hüquqi yardımın göstərilməsi sahəsində AMADA-nın təcrübəsini öyrənməkdə və bunun Avstraliyada da tətbiqində maraqlı olduqlarını deyib.

Qeyd edək ki, 2021-2023-cü illəri əhatə edən saziş növbəti illərdə antidopinq sahəsinin digər istiqamətlərində də əməkdaşlığı nəzərdə tutur.

Xəbər 370 dəfə oxundu.