Daxili İşlər Nazirliyi Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib.

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı şəhər halqasının keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti mayın 31-i gecə saat 01:00-dan etibarən iyunun 8-i səhər saat 06:00-dək məhdudlaşdırılıb.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə paytaxt ərazisində sürücülərin və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

“Bir daha sürücülərdən qeyd edilən müddətdə ictimai nəqliyyata üstünlük vermələrini, Dövlət Yol Polisi əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”, - deyə DİN-in müraciətində qeyd olunub.

Xəbər 311 dəfə oxundu.