Esteban Okon: Bakı trekində yarışmaq çox maraqlıdır
Formula 1 üzrə dünya çempionatının iştirakçısı olan “Alpine” komandasının pilotu Esteban Okon Azərbaycan Qran-Prisində ilk onluqda yer almağı hədəfləyib.

Açıqlamalarının birində Bakı şəhər halqasında yarışmaqdan zövq aldığını bildirən E.Okon buradakı trekin konfiqurasiyasının uzun hissələri və çətin dar döngələri ilə çox maraqlı olduğunu vurğulayıb: “Bakı trekində yarışmaq çox xoşuma gəlir. Monakoda qısa dairəli və ötmə üçün çətinlik yaradan şəhər trasında yenicə mübarizə aparmışıq. Ancaq Bakı şəhər treki bunun tam əksidir, dairə uzundur və ötmə əməliyyatları çox əlverişlidir. Şəhər yollarında atmosfer hər zaman əladır. Divarlar yaxın olduğundan sürəti daha çox hiss edirsən”.

Azərbaycan Qran-Prisindən gözləntiləri barədə danışan pilot qeyd edib: “Ardıcıl dörd yarışda, o cümlədən Monakoda xal qazandığım üçün əhvalım çox yaxşıdır. Bakıda bu tendensiyanı davam etdirmək istəyirəm. Bakıda ilk onluqda daha yüksək mövqelər tutmaq istəyirik”.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakıda şəhər halqasında keçiriləcək. Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir.

AZƏRTAC

Xəbər 319 dəfə oxundu.