“Pirelli” ilk dəfə olaraq Formula 1 çempionatının Azərbaycan mərhələsi üçün ən yumşaq tərkibli şinlər hazırlayıb
Bu il “Pirelli”də ilk dəfə olaraq Formula 1çempionatının Azərbaycan mərhələsi üçün ən yumşaq tərkibli şinlər hazırlanıb: “Hard” qismində C3, “Medium”da C4, “Soft”da isə C5 şinlərindən istifadə olunacaq. Bu tərkiblər 2019-cu ildə Bakı şəhər halqasında keçirilən yürüşdə istifadə olunan tərkiblərlə müqayisədə daha yumşaqdır.

İtaliya şirkətində bu məsələyə yanaşmanı belə izah ediblər: 2019-cu ildə “Hard” növlü şinlərdən ümumiyyətlə yürüşdə istifadə olunmayıb. Buna görə də əgər Bakıya daha yumşaq şinlər gətirilərsə, komandaların özlərinin taktiki sxemlərində onlardan istifadə etmələri tam mümkündür. Bu isə həmin sxemləri rəngarəng etməyə imkan verər.

Bakı şəhər halqasının asfaltı aşağı abrazivliyi ilə seçilir. Buna müvafiq olaraq, ən yumşaq tərkibləri optimal seçim hesab etmək mümkündür.

Bununla yanaşı, pilotlar özləri Azərbaycan paytaxtındakı trası belə xarakterizə edirlər: Monakodakı kimi mürəkkəbdir, sürət isə orada Monsdakı kimi yüksəkdir. Ümumi götürsək, bu həftəsonu Formula 1-i nə gözləyəcəyi barədə təsəvvür yaratmaq olar.

“Pirelli”nin avtoyürüş bölməsinin rəhbəri Mario İzola fikirlərini bölüşərək deyib: “Biz bir unikal trasdan digərinə yollanırıq. Monako ilə müqayisədə Bakıda bizi başqa çətinliklər gözləyir. Lakin oxşarlıq ondadır ki, əgər siz xoşagəlməzliklərdən yayınmaq istəyirsinizsə, o halda bolidi son dərəcə dəqiqliklə idarə etməlisiniz.

Biz tərkib xəttimizdə olan ən yumşaq şinləri Azərbaycana ilk dəfə gətiririk. Bu şinlərdən biz Monte-Karloda istifadə etmişdik. Seçim onunla bağlıdır ki, 2019-cu il Bakı mərhələsində “Hard” növlü şinlərdən ümumiyyətlə istifadə olunmadı. O vaxt komandalar orta sərtlikli şinlərdən aktiv şəkildə yararlanmışdılar”.

AZƏRTAC

Xəbər 435 dəfə oxundu.