Serxio Peres: Mən Bakıdakı Qran-Prini səbirsizliklə gözləyirəm
Serxio Peres (“Red Bull Racing”) Monakoda yürüş uik-endinin yekunları və 2018-ci ildə podiumuna qalxdığı Azərbaycan Qran-Prisindən gözləntiləri barədə fikirlərini bölüşüb.

- Start mövqeyini nəzərə alsaq, siz Monakoda göstərdiyiniz nəticədən razısınızmı? Şəhər halqasında qalib mövqeyi tutmaq çətindirmi?

- Mən şadam ki, nəhayət yaxşı nəticə əldə etdim. Özü də şənbə günü uğursuz təsnifat yürüşündən sonra.

- Ötən gün keçirilən yürüş Monako Qran-Prisi tarixində ən qısa yürüş oldu. 78 dövrə boyunca ayıq-sayıqlığı saxlamaq və qoruyucu baryerlərə çırpılmamaq çox çətindirmi?

- Bu, psixoloji baxımdan çox ağır yürüşdür. Monakoda bolidi imkanların son həddində idarə etmək və qoruyucu baryerlərə çırpmamaq həmişə çətin olub. Hücuma nə vaxt keçib-keçməməyi başa düşmək lazımdır. Bu, uğurun açarıdır.

Yürüşün nəticəsi komandanı ruhlandırdı, biz eyni uğura nail olmağa çalışacağıq. Lakin yadda saxlamaq lazımdır ki, hələlik cəmi beş yürüş geridə qalıb, irəlidə isə bizi uzun yol gözləyir.

- Növbəti yürüş Bakıdadır. Siz orada artıq podiuma qalxmısınız. Şəhər halqasını bəyənirsinizmi? Bolidinizə uyğundurmu?

- Mən Bakıda keçiriləcək Qran-Prini səbirsizliklə gözləyirəm və ümidvaram ki, təsnifat yürüşündə əla çıxış edəcəyik. Biz artıq sübut etmişik ki, yürüş tempində ən yaxşı komandadan heç də geri qalmırıq. Təsnifatda sürət lazımdır və o halda hər şey qaydasında olacaq.

- Sizin komandanız Konstruktorlar Kubokunda liderliyi əldə etdikdən sonra məsuliyyət daha da artıbmı? Yoxsa bu, əlavə arxayınlıq yaradır?

- Bu, heç nəyi dəyişmir. Biz realist olmalı və yadda saxlamalıyıq ki, yalnız beş yürüş geridə qalıb. Bizim indi hansı mövqeləri tutmamız əhəmiyyətli deyil. Əhəmiyyətli odur ki, biz Abu-Dabidə mövsümü necə başa vuracağıq. Fikrimizi işə cəmləşdirməliyik - son aylarda etdiyimiz kimi.

AZƏRTAC

Xəbər 340 dəfə oxundu.