"Çelsi" klubu UEFA Çempionlar Liqasının qalibi adını qazanıb 
Fasilədən sonra “Mançester Siti” hesabı bərabərləşdirmək üçün irəli atılıb. Matçın 60-cı dəqiqəsində Mançester təmsilçisinin əsas qol silahı sayılan Kevin De Bruyne zədə üzündən meydanı tərk edib. Onun yerinə oyuna Qabriel Jesus daxil olub.
Qarşılaşmanın 70-ci dəqiqəsində “Çelsi" rəqibini yenidən əks-hüçumda yaxalayıb. Lakin qapıçı ilə təkbətək qalan Kristian Pulişiçin zərbəsindən sonra top qapıdan yan keçib.
Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.
Beləliklə, final görüşündə "Mançester Siti"ni minimal hesabla məğlub edən "Çelsi" komandası UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün qalibi olub.
London təmsilçisi bununla da 2012-ci ildən sonra tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.
Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilib.
Qalib komandaya kuboku və futbolçulara medalları UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.
X X X
23:48
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə ən təhlükəli vəziyyəti matçın 18-ci dəqiqəsində “Çelsi” futbolçuları yaradıblar. Sol cinahdan başlayan hücumda Kay Havertzin rəqibin qapıçı meydançasına ötürməsini Timo Verner qapıya yönəltsə də, qolkiper Ederson zərbəni dəf edib. Qarşılaşmanın 27-ci dəqiqəsində “Mançester Siti”nin hücumçusu Fil Fodenin “Çelsi”nin cərimə meydançasında aldığı ötürməni qol ilə tamamlamasına son anda Antonio Rüdiger mane olub.
Görüşün 37-ci dəqiqəsində isə rəqibini əks-hücumla yaxalayan “Çelsi”nin forvardı Kay Havertzin son anda zərbə mövqeyinə çıxmasının qarşısı O.Zinçenko tərəfindən alınıb.
Matçın 38-ci dəqiqəsində zədələnən Tiaqo Silva Andres Kristensen ilə əvəzlənib.
Komandaların birinci hissənin sonuna doğru hücumlarının kəsərini artırması hesabın dəyişməsi ilə nəticələnib və “Çelsi” 42-ci dəqiqədə hesabı açıb. Belə ki, qapıçı Eduard Mendinin zərbəsindən sonra Ben Çilvels bir toxunuşla topu ön xətdəki komanda yoldaşı Kay Havertzə ötürüb. Rəqib qapıçını keçən hücumçu topu boş qapıya göndərməkdə çətinlik çəkməyib – 1:0.
İlk hissə bu hesabla başa çatıb.
X X X
23:01
Mayın 29-da UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçında İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları qarşılaşırlar.
66-cı dəfə keçirilən qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü Portu şəhərindəki “Draqao” stadionunda oynanılır.
Final matçından əvvəl təntənəli açılış mərasimi və tanınmış musiqiçilərin iştirakı ilə möhtəşəm konsert proqramı olub.
İspaniyalı referi Antonio Miguel Mateu Lahozun idarə etdiyi görüşdə “Mançester Siti”nin ilk “onbirliyi”ndə meydana Ederson, Kayl Uolker, Con Stones, Ruben Dias, Oleksandr Zinçenko, Bernardo Silva, Rahim Sterlinq, İlkay Gündoğan, Riyad Mahrez, Kevin De Bruyne və Fil Foden çıxıblar.
“Çelsi”nin start heyətində isə Eduard Mendi, Riis Ceyms, Tiaqo Silva, Antonio Rüdiger, Sezar Azpiliketa, Jorginho, Nqolo Kante, Ben Çilvel, Mason Maunt, Kay Havertz, Timo Verner yer alıblar.
Qeyd edək ki, bu matç son əlli ildə komandaların avrokuboklarda ilk qarşılaşmasıdır. Komandalar ilk dəfə bu turnirin 1970-1971-ci il mövsümündə (həmin dövrdə yarış UEFA Kuboklar Kuboku adlandırılırdı) yarımfinalında üz-üzə gəliblər. “Çelsi” hər iki oyunda minimal hesabla qalib gəlib.
Tomas Tuxelin yetirmələri qalib gələrsə, 2012-ci ildən sonra ikinci dəfə UEFA Çempionlar Liqasının kubokunu başları üzərinə qaldıracaqlar. “Mançester Siti” isə qalib gələcəyi təqdirdə bu turnirin çempionu adını qazanmış 23-cü klub olacaq.
“Şəhərlilər” ilk final həyəcanını 1969-1970-ci il mövsümündə yaşayıblar. Komanda həlledici görüşdə Polşanın “Qornik Zabrze” klubunu 2:1 hesabı ilə məğlub edərək qalib adını qazanıb.
“Çelsi” indiyədək iki dəfə - 2008-ci və 2012-ci illərdə UEFA Çempionlar Liqasının finalında çıxış edib. Hər iki oyunda da qalib 11 metrlik cərimə zərbələri seriyası nəticəsində müəyyənləşib. Birinci final görüşündə “Mançester Yunayted”ə uduzan (1:1, pen. 5:6) “Çelsi” dörd il sonra “Bavariya”nı (1:1, pen. 4:3) məğlub edərək ilk çempionluğunu yaşayıb.
Bu matç, həmçinin 2000-ci ildən etibarən eyni ölkənin klubları arasında oynanılan səkkizinci final matçıdır. Belə ki, Çempionlar Liqasının tarixində eyni ölkənin komandaları ilk dəfə 2000-ci ildə qarşılaşıb. Həmin görüşdə “Real Madrid” komandası “Valensiya”nın qapısından üç cavabsız top keçirmişdi. “Kral klubu” daha sonra iki dəfə - 2014-cü və 2016-cı illərdə finalda “Atletiko Madrid”ə qalib gəlib. 2003-cü ildə “Milan” komandası “Yuventus”u, 2008-ci ildə “Mançester Yunayted” klubu “Çelsi”ni, beş il sonra “Bavariya” komandası “Borussiya Dortmund”u məğlubiyyətə uğradaraq çempion adını qazanıblar. 2019-cu ildə isə “Liverpul” finalda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.
Xosep Qvardiola “Barselona”nın çalışdırıcısı kimi 2009-cu və 2011-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub. Onun komandası bu görüşdə də qələbə qazanacağı təqdirdə, təcrübəli baş məşqçi iki fərqli komandada bu kuboka sahib olan altıncı çalışdırıcı kimi tarixə düşəcək. Daha əvvəl Ernst Happel, Otmar Hitzfeld, Joze Mourinyo, Yupp Heynkes və Karlo Ançelotti bu uğura nail olublar.
Tomas Tuxel ötən mövsüm “Paris Sen-Jermen”in sükanı arxasında finala vəsiqə qazansa da, komandası “Bavariya”ya minimal hesabla məğlub olub. O, ardıcıl iki mövsümdə müxtəlif komandalarla finalda çıxış etmiş ilk baş məşqçidir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb.

Xəbər 416 dəfə oxundu.