Azərbaycanlı gimnastlar: Dünya çempionatında qazandığımız qızıl medalı ölkəmizə həsr edirik
Aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında qazandığımız qızıl medalı Azərbaycana həsr edirik.
Bunu Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında aerodans proqramında qızıl medal qazanan Azərbaycan gimnastları - Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimli çempionluq sevinclərini ifadə edərkən deyiblər.
Gimnastlarımız təsnifat turnirindəki çıxışlarının 28 May - Respublika Gününə təsadüf etməsini vurğulayaraq, dünya çempionatında qazandıqları medalları ölkəmizə həsr etdiklərini bildiriblər. Gənc atletlər, həmçinin göstərilən dəstəyə və yarışa hazırlaşmaq üçün yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlıqlarını bildiriblər.
Komandamızın üzvü Akif Kərimli deyib: “Pandemiya zamanı yarışa hazırlaşmağımız üçün hər cür şərait yaradılmışdı ki, dünya çempionatında layiqincə çıxış edə bilək. Yarışda xalça üzərinə səkkiz nəfərlik komanda çıxır, amma arxamızda ürəkləri bizimlə döyünən minlərlə insan var. Onlara minnətdarlığımızı bildiririk”.
Bu qələbə kontekstində idmançılar qızıl medal qazandıqları 2019-cu ildə keçirilən Avropa çempionatını xatırladıblar: “Avropa və dünya çempionatlarının proqramlarını müqayisə etsək, bu il dəyişikliklər edilmişdi, hərəkətlər çətinləşmişdi. Bundan əlavə, 2021-ci ildə keçirilən yarışda Avropa çempionu statusunda çıxış etdik və bu adı saxlamalı idik”.
A.Kərimli qeyd edib ki, iştirak etdiyimiz yarışlarda medallar heç vaxt hədəfimiz olmayıb: “Bizim vəzifəmiz ən yaxşı olmaq, proqramı yüksək səviyyədə təqdim etməkdir. Nə Avropa çempionatında, nə də dünya çempionatında komanda yoldaşlarımla medallardan danışmadıq, ən əsası, ləyaqətlə çıxış etməkdir”.
Gimnastlar, həmçinin tribunalarda azarkeşlərin olmamasına da toxunaraq bildiriblər ki, azarkeşlərin yaratdığı atmosfer önəmlidir, onların dəstəyi idmançıları ruhlandırır. Ancaq pandemiya səbəbindən tribunaların boş olmasına baxmayaraq, azarkeşlərin dəstəyini hiss etdik”.


Xəbər 373 dəfə oxundu.