Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini qəbul etmişdir
Cənab Ənvər Çoudri 1986-cı ildən bu federasiyaya başçılıq edir. O, dəfələrlə beynəlxalq mükafatlara, o cümlədən 1995-ci ildə YUNESKO-nun ən yüksək mükafatına layiq görülmüşdür. Azərbaycan Boks Federasiyasının təklifi və Azərbaycan Bədən Tərbiyəsi İnstitutu Elmi Şurasının qərarı ilə hörmətli qonağa İnstitutun fəxri doktoru adı verilmişdir.
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev ölkəmizin boksçularının son ildə qazandığı uğurlardan ardıcıllıqla söhbət açdı, geniş yayılmış idman növü olan boksun inkişafına respublikamızda göstərilən diqqət və qayğıdan danışdı. Azərbaycan Prezidenti Beynəlxalq Boks Federasiyası başçısının ölkəmizə səfərini yüksək qiymətləndirdi. Respublikamızın rəhbəri cənab Çoudrini Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun fəxri doktoru adına layiq görülməsi münasibəti ilə təbrik etdi və əmin olduğunu bildirdi ki, bu, Beynəlxalq Boks Federasiyasının prezidentinin ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsinə səbəb olacaqdır. Prezident Heydər Əliyevlə görüşündən böyük şərəf duyduğunu qeyd edən cənab Çoudri 1994-cü ildən sonra Azərbaycan boksçularının əldə etdiyi uğurlardan məmnun qaldığını bildirdi. O, beynəlxalq federasiyaya rəhbərlik etdiyi dövrdə boksun inkişafı sahəsində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün, xüsusən boksun Olimpiya oyunları proqramında öz yerini qoruyub saxlaması üçün görülmüş işlərdən danışdı.
Respublikamızda boksun inkişafına göstərilən diqqətdən söhbət açan cənab Çoudri dedi ki, beynəlxalq federasiya Azərbaycanda idmanın bu növünün qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün öz fondundan xeyli vəsait ayıracaqdır. Qonaq bildirdi ki, mən Azərbaycana, onun idmançılarına xüsusi rəğbət bəsləyirəm. Ona görə də öz şəxsi vəsaitimin bir hissəsini onlara kömək üçün ayırmağı qərara almışam. Cənab Çoudri dedi ki, Azərbaycan idmançılarının bundan sonra əldə edəcəyi qələbələrdə mənim də payım olsa, bu məni ürəkdən sevindirəcəkdir.
Azərbaycan boksçularına göstərdiyi qayğıya görə cənab Çoudriyə minnətdarlıq edən prezident Heydər Əliyev idmanın bu növünə respublikamızda xüsusi diqqət yetiriləcəyini vurğuladı. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, cənab Çoudri Azərbaycan boksçularının daha böyük uğurlar qazanması üçün əlindən gələni əsirgəməyəcək, idmanın bu növünün daha da inkişaf etməsinə əməli yardım göstərəcəkdir.
Cənab Çoudri dövlətimizin başçısı Heydər Əliyevə Beynəlxalq Boks Federasiyasının rəsmi gerbini və bayrağını təqdim etdi.
Görüşün sonunda prezident Heydər Əliyev xatirə olaraq cənab Çoudri və onun xanımı ilə birgə fotoşəkil çəkdirdi.

23 dekabr 1995-ci il

Xəbər 3010 dəfə oxundu.