Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Türkiyə yığması ilə qarşılaşıb
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.

Canni De Byazinin başçılıq etdiyi millimiz Alanyadakı Oba stadionunda Türkiyə yığmasının qonağı olub.

Kosovodan olan hakimlər briqadasının idarə etdiyi matçda yığmamızın start heyətində Emil Balayev, Qara Qarayev, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk və İsmayıl İbrahimli yer alıblar.

Türkiyə seçməsinin ilk onbirliyində Altay Bayındır, Mərt Müldür, Merih Demiral, Çağlar Söyüncü, Cengiz Ünder, Halil İbrahim Dervişoğlu, Halil Akbunar, Taylan Antalyalı, Rıdvan Yılmaz, Orkun Kökçü və Kaan Ayhan meydana çıxıblar.

Matçın 28-ci dəqiqəsində Abbas Hüseynovun ötürməsini Emin Mahmudov qolla tamamlayıb. Görüşün 34-cü dəqiqəsində türkiyəli futbolçu Halil İbrahim Dervişoğlu hesabı bərabərləşdirib. Daha sonra - birinci hissənin sonuncu dəqiqəsində Türkiyə millisi hesabda önə keçib. Bu dəfə Kaan Ayhan fərqlənib.

Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Beləliklə, görüş Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü AFFA-nın prezidenti Rövnəq Abdullayev stadiondan izləyib.

Bu matç iki komanda arasında sayca 8-ci dueldir. İndiyədək keçirilən 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların beşində Türkiyə, birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.


Xəbər 396 dəfə oxundu.