Qran-Pri turnirində şahmatçımız Günay Məmmədzadə Alina Kaşlinskayanı məğlub edib
Mayın 27-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin altıncı turunun oyunları keçirilib.
Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə rusiyalı şahmatçı Alina Kaşlinskaya ilə üz-üzə gəlib. Rəqibinə qarşı ağ fiqurlarla mübarizə aparan şahmatçımız oyunda qələbə qazanıb. Xalların sayını 3,5-ə çatdıran təmsilçimiz 6 turun nəticəsinə görə 4-6-cı yerləri bölüşür.
Turun digər oyunlarında Rusiyanın digər şahmatçıları Katerina Laqnonun qazaxıstanlı Dinara Saduakassova ilə qarşılaşması heç-heçə ilə başa çatıb, Valentina Qunina isə almaniyalı Elisabet Paetsi məğlub edib. Ukrayna təmsilçiləri Mariya Muzıçuk qazaxıstanlı Jansaya Abdumalik, Anna Muzıçuk isə bolqarıstanlı Antoaneta Stefanova ilə xalları yarı bölüblər. Gürcüstanlı Nana Dzaqnidze isə rumıniyalı İrina Bulmaqaya qalib gəlib.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.


Xəbər 355 dəfə oxundu.