Kamran Ağayevi transferə çıxaran “Xəzər Lənkəran” bu mövqedəki problemi həll etmək üzrədir
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi transferə çıxaran “Xəzər Lənkəran” bu mövqedəki problemi həll etmək üzrədir. İdman.com.az saytının məlumatına görə, artıq cənub təmsilçisinin düşərgəsinə yeni qolkiper dəvət olunub. Bu, Slovakiya millisinin üzvü Marian Kellodur.

Karyerasına vətənində başlayan 30 yaşlı futbolçu 2001/02 mövsümündə “Koşitse”, 2002-07-ci illərdə “Vitkovitse”nin şərəfini qoruyub. 2007/08-ci illərdə Litvada legioner həyatı yaşayan qapıçı “Kaunas”da forma geyinib.

2008-ci ildə Şotlandiyaya transfer olunan Marian son 4 mövsümü “Harts”da keçirib. Premyer Liqada 78 oyuna çıxan qolkiper Böyük Britaniyada bir sıra titullar qazanıb. Kello 2011-ci ildə Premyer Liqada fevralın ən yaxşısı seçilib, 2010/11 mövsümünün isə “ən yaxşı qurtarışı” nominasiyasında qalib olub.

Ötən ay İngiltərə “İpsviç”ində baxışda olan futbolçu indi də “Xəzər Lənkəran”da sınaqdan keçməlidir. Baş məşqçi Yunis Hüseynovun bəyənəcəyi halda, onu komandada saxlanılmasına qərar veriləcək.

Qeyd edək ki, ötən il Slovakiya yığmasında debüt edən Kello millidə 3 oyun keçirib.

Xəbər 982 dəfə oxundu.