Tokio Olimpiadasının təşkilat komitəsi “Asahi Shimbun” qəzetinin çağırışına cavab verib
Tokio Olimpiadasının təşkilat komitəsinin icraçı direktoru Toşiro Muto “Asahi Shimbun” qəzetinin yarışları ləğv etmək barədə Baş nazirə ünvanladığı çağırışına cavab verib.

Yarışların rəsmi tərəfdaşının bu çağırışını şərh edən icraçı direktor hər bir kəsin öz mövqeyini bildirmək hüququnun olduğunu deyib.

Xatırladaq ki, Yaponiyada böyük tirajla nəşr edilən “Asahi Shimbun” qəzeti bir gün əvvəl “Redaktor rəyi” bölməsində koronovirus pandemiyası ilə əlaqədar ictimai təhlükəsizliyi təmin etmək və səhiyyə sisteminin yükünü azaltmaq məqsədilə Baş nazir Yoşihide Suqaya Oyunları ləğv etmək barədə çağırış dərc edib.

Bu çağırışı şərh edən T.Muto deyib ki, mətbuat fərqli fikrə və baxış nöqtəsinə malik ola bilər. İdarə heyətinin mayın 25-də keçirilən iclasında Olimpiya Oyunlarının təşkilat komitəsinin heç bir üzvü yarışların ləğvi və ya təxirə salınması məsələsini müzakirəyə çıxarmayıb.

Qeyd edək ki, son günlər Yaponiya sakinləri arasında keçirilən ictimai rəy sorğularının nəticələrinə əsasən, respondentlərin əksəriyyəti yarışların ləğvini və ya təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya Həkimlər Assosiasiyası da Oyunların təşkilinin əleyhinə çıxış edib. Hazırda Tokio da daxil olmaqla Yaponiyanın bir neçə mühüm regionunda fövqəladə vəziyyət rejimi davam edir. Ötən həftə Olimpiadanın əlaqələndirmə komissiyasının sədri Con Kouts Yaponiyada fövqəladə vəziyyət rejimi davam etsə belə yarışların keçiriləcəyini bildirib.

Xatırladaq ki, ötən il keçirilməli olan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının koronovirus pandemiyasına görə 2021-ci il iyulun 23-dən sentyabrın 5-dək təşkili nəzərdə tutulur.


Xəbər 377 dəfə oxundu.