Marneuli şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında dostluq turniri keçirilir
Marneuli şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında dostluq turniri keçirilir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan turnirin mayın 26-da açılış mərasimi keçirilib. Gürcüstanın Müstəqillik Gününə və Azərbaycanın Respublika Gününə həsr olunan turnirdə Gürcüstanın 18 şəhərindən 15 çəki dərəcəsi üzrə 150 idmançı iştirak edir.

Açılış mərasimində Azərbaycan səfirliyinin məsul əməkdaşı Seymur İlyasov çıxış edərək 26 May - Gürcüstanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Diplomat dostluq turnirinin iki dost və qardaş xalq arasında mədəni əlaqələrin inkişafına və daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib, idmançılara uğurlar arzulayıb.

Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxiya və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov tədbirin təşkilinə görə səfirliyə minnətdarlığını bildirib, idmançılara uğurlar arzulayıblar.

Turnirin final qarşılaşmaları və mükafatlandırma mərasimi mayın 28-də Azərbaycanın Respublika Günündə keçiriləcək. Mayın 28-də, həmçinin konsert olacaq.


Xəbər 412 dəfə oxundu.