Qabil Mehdiyev: Məşq etmək istəyənlər COVID-19 pasportunu göstərməklə zallara daxil ola bilərlər
Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilmiş brifinqində qarşıdakı günlərdə bir sıra yumşalmaların olacağı elan edilib. Bir ildən artıqdır ki, qapalı qalmış idman zallarının qapıları nəhayət, əhalinin üzünə açılır. Bu, idman ictimaiyyətinin çoxdan gözlədiyi qərar idi.

Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev bildirib.

O deyib ki, qərara əsasən, idman zalları iyunun 10-dan fəaliyyətə başlayacaq. Həmin gündən etibarən məşq etmək istəyənlər COVID-19 pasportunu göstərməklə zallara daxil ola biləcəklər. Buna görə də idmançılara, idmanla məşğul olmaq istəyən digər vətəndaşlara tövsiyə edirik ki, vaxt itirmədən indidən peyvənd olunsunlar ki, idman zallarının xidmətlərindən yararlana bilsinlər.

Qabil Mehdiyev onu da bildirib ki, COVID-19 pasportu iki kateqoriyadan - vaksin və immunitet sertifikatlarından ibarətdir. İki sertifikatdan birinə sahib olan şəxs rahatlıqla idman zallarının xidmətindən istifadə edə bilər.

O, idman-sağlamlıq mərkəzlərində çalışan təlimatçılar, məşqçilər və digər şəxslərdən isə COVID-19 pasportunun tələb edilməsinin yalnız iyulun 1-dən tətbiq ediləcəyini vurğulayıb: “İyulun 1-dən sonra COVID-19 pasportu olmayan işçilərin zallarda əhaliyə xidmət etməsinə icazə verilməyəcək. O zamanadək isə onlara işləməyə icazə veriləcək. Bu qadağanın pozulmasına görə həmin idman-sağlamlıq mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaqlar. Bu qaydaları pozan zalların təkcə cərimələnməsi deyil, həm də bağlanması söhbət mövzusu olduğu üçün bu sahədə çalışan hər kəsi diqqətli olmağa və qaydalara ciddi riayət etməyə çağırırıq.

Zallara daxil olarkən hər bir vətəndaşın temperaturu ölçüləcək və arenalar dezinfeksiyaedici məhlullarla təmin ediləcək. Bundan başqa, sıxlığın aradan qaldırılması üçün zallarda vaxt qrafikinin hazırlanması tövsiyə ediləcək. Hər kəsi bu qaydalara riayət etməyə və bununla da yumşalmaların daimi olmasına kömək etməyə çağırırıq”.

Xəbər 366 dəfə oxundu.