Əlcəzair mətbuatı Bakıda keçirilən paracüdo üzrə beynəlxalq turnirdə idmançılar üçün yaradılan yüksək şəraitdən yazıb
Əlcəzairin “Dazeirinfo” və “Əl Hərir” portalları mayın 25-də Bakıda start götürən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq turnirində əlcəzairli idmançılar üçün yaradılan gözəl şəraitdən yazıb.

Xəbərlərdə beynəlxalq turnirdə 5 əlcəzairli idmançının Bakı turniri öncəsində tibbi yoxlamalardan keçdiyi, 38 ölkədən 200 iştirakçının mübarizə apardığı Qran-Prinin Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırdığı qeyd olunub.

Əlcəzair komandasının məşqçisi Nadir Belarbi vurğulayıb ki, davam edən pandemiya dövründə keçirilən Bakı turniri yüksək səviyyədə təşkil olunub. İdmançıların sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak turnir ərəfəsində ölkəsinin yığma komandasını ziyarət edib. Diplomat və səfirliyin əməkdaşları milli komandanı yarışda qələbəyə ruhlandırmaq üçün onlara dəstək ifadə ediblər.


Xəbər 412 dəfə oxundu.