Bakıda paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri start götürüb
Mayın 25-də Bakıda paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri start götürüb.

Yarışda Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edir. Kişilərin yarışında idmançılarımızdan Vüqar Şirinli, Orxan Qarayev (60 kq), Namiq Abbaslı, Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (100 kiloqramdan yuxarı) mübarizə aparırlar.

Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız çıxış edir. Millimizin üzvləri Şahanə Hacıyeva (48 kq), Bəsti Səfərova, Səbinə Abdullayeva (52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Dürsədəf Kərimova, Xatirə İsmiyeva (70 kiloqramdan yuxarı) turnirdə iştirak edirlər.

Ümumilikdə yarışda 38 ölkədən 200 idmançı mübarizə aparır.

Qran-Pri turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Xəbər 383 dəfə oxundu.