“Avro-2020”nin kuboku Moskvaya gətirilib
Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək futbol üzrə Avropa çempionatının kuboku Moskvaya gətirilib.

Mayın 24-də Moskvadakı Maksim Qorki adına parkda kubokun tarixini əks etdirən birgünlük sərgi açılıb. Bundan əvvəl kubok mayın 22-23-də Sankt-Peterburqda təqdim olunub.

Kubok turu Avropa çempionatının təşkilatçısı olan bütün şəhərləri əhatə edir. Sankt-Peterburqda turnirin qrup mərhələsinin altı oyunu və dörddəbir final oyunu baş tutacaq.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsinin təşəbbüskarı Anri Delonenin şərəfinə adlandırılan bu kubok turnirin final oyununda qalib komandaya təqdim edilir. İlk dəfə kuboku 1960-cı ildə Avropa çempionatının finalında Yuqoslaviya komandasına qalib gələn SSRİ yığması qazanıb.

Xatırladaq ki, mayın 7-9-da Bakıda nümayiş olunan Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilmişdi.

Xəbər 382 dəfə oxundu.