Qadın idman gimnastlarımız Kiyevdən medallarla dönürlər
Ukraynanın paytaxtı Kiyevdə idman gimnastikası üzrə beynəlxalq turnir təşkil edilib.

Turnirdə ölkəmizi qadın idman gimnastikası üzrə yığma komandamızın üzvləri Marina Nekrasova, Milana Minakovskaya və Nazənin Teymurova təmsil ediblər.

Komandamızın lideri M.Nekrasova sevimli aləti dayaqlı tullanma üzrə hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda çıxışına görə o, üçüncü olub, çoxnövçülükdə isə medalın bir addımlığında dayanıb.

Turnirdə gənclər arasında yarışan N.Teymurova isə 4 medal qazanıb. Sərbəst hərəkətlərdə ikinci olan gimnastımız, çoxnövçülük, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda çıxışına görə bürünc medala sahib olub.

Böyüklər arasında çıxış edən daha bir təmsilçimiz M.Minakovskaya isə sərbəst hərəkətlərdə beşinci, müxtəlif hündürlüklü qollarda altıncı və çoxnövçülükdə doqquzuncu olub.

Xəbər 354 dəfə oxundu.