“The FTX Crypto Cup”: Teymur Rəcəbovun Levon Aronyanla qarşılaşması heç-heçə ilə başa çatıb
Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi - “The FTX Crypto Cup” turnirinin ilk 5 turu keçirilib.

Yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparırlar.

Turnirin ilk iki qarşılaşmasında H.Nakamura və A.Firuzca ilə heç-heçə edən T.Rəcəbov 3-cü turda P.Svidlerə qalib gəlib. Sonrakı turda F.Karuana ilə daha bir bərabərliyə imza atan şahmatçımız 5-ci turda prinsipial rəqibi L.Aronyanla üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Şahmatçımız Ş.Məmmədyarov isə əvvəlcə M.karlsen, daha sonra H.Nakamura və A.Firuzcaya uduzub. Dördüncü turda P.Svidlerlə heç-heçəyə imza atan şahmatçımız, nəhayət 5-ci turda F.Karuananı məğlub etməklə ilk qələbəsini qazanıb.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində bitkoin bonus olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 500 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, T.Rəcəbov seriyanın ikinci - “Airthings Masters” turnirinin finalında L.Aronyanı məğlub etməklə qalib olub.


Xəbər 366 dəfə oxundu.