Güləşçimiz Zaur Əliyev Avropa çempionu olub
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Mübarizəyə dörddəbir finaldan qoşulan yunan-Roma güləşçimiz Zaur Əliyev (55 kiloqram) Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanı ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Z.Əliyev adını finala yazdırıb. Güləşçimiz həlledici görüşdə Türkiyə təmsilçisi ilə üz-üzə gəlib. Qarşılaşmada əzmkar qələbə qazanan güləşçimiz Avropa çempionu olub.

Güləşçimiz Laçın Vəliyev (87 kiloqram) ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün L.Vəliyev mayın 22-də təsəlliverici görüşdə iştirak hüququ əldə edib. L.Vəliyev Yunanıstan güləşçisinə qalib gəlsə də, macarıstanlı həmkarına uduzub.

Qeyd edək ki, Avropa çempionatında yarışan sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kiloqram) qızıl, Əliabbas Rzazadə (57 kiloqram), Orxan Abasov (86 kiloqram), Osman Nurməhəmmədov (92 kiloqram) gümüş, Zirəddin Bayramov (65 kiloqram), İslam İlyasov (97 kiloqram) və Vahid Qalayev (125 kiloqram) bürünc medal qazanıblar.


Xəbər 416 dəfə oxundu.