Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pridə iştirakçı ölkələrin və idmançıların sayı müəyyənləşib
Mayın 25-26-da Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib.

AMPK-nin prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov “IBSA Judo Grand-Prix Baku 2021”da 38 ölkədən 200 idmançının iştirak edəcəyini bildirib. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər olacaq.

İlqar Rəhimov yarışlarda mübarizə aparacaq Azərbaycan komandasının da heyətinin müəyyənləşdiyini bildirib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyevdir (+100 kq).

Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız - Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq) yarışacaqlar.

Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə ən böyük nümayəndə heyətləri ilə qatılacaqlar.

İlqar Rəhimov “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq cüdo yarışının tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır. “BP Azərbaycan” və SOCAR şirkətləri yarışın əsas tərəfdaşlarıdır. “Toyota” və “Unibank” isə yarışların rəsmi tərəfdaşıdır.

Turnirin rəsmi dəstəkçiləri Bakı Nəqliyyat Agentliyi, “Coca-cola” şirkəti, “İnterlux Travel”, “CBC Sport”, “Motivator Azerbaijan”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır.

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, “Report”, “Azerisport” və “1News” yarışın informasiya dəstəkçiləridir.

Yarışların final blokları “CBC Sport” kanalından canlı yayımlayacaq. Bundan əlavə, yutub kanalında yarışların bütün blokları canlı nümayiş etdiriləcək.


Xəbər 436 dəfə oxundu.