Avropa çempionatı: Kumite üzrə milli komandamız üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb
Xorvatiyanın Poreç şəhərində böyüklərin 56-cı Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə komanda yarışlarında mübarizə aparan kişilərdən ibarət kumite üzrə millimiz yarımfinaladək Danimarka (3:1), Türkiyə (3:1) və Yunanıstan komandalarına (3:0) qalib gəlsə də, yarımfinalda Monteneqro yığmasına 12:16 hesabı ilə məğlub olub. Komandamız Avropa çempionatının bürünc medalı uğrunda İspaniya yığması ilə mübarizə aparacaq.

Birinci mərhələdə fransalı karateçilərə uduzan (0:2) qadınlardan ibarət komandamız isə rəqib yarımfinalda məğlub olduğundan mübarizəni başa vurub.

Qeyd edək ki, əvvəlki yarış günlərində karateçilərimiz Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq), İrina Zaretska (68 kq) Avropa çempionatında uğurla çıxış edərək finala yüksəliblər. Milli komandanın digər üzvləri İlahə Qasımova (55 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də, kata milli komandası bürünc medal uğrunda görüşə vəsiqə qazanıblar.

Qitə çempionatına mayın 23-də yekun vurulacaq.


Xəbər 375 dəfə oxundu.