“Səbail” və “Keşlə” klubları Afrika Günü münasibətilə tədbir keçiriblər
Afrika Birliyinin yaranması münasibətilə hər il mayın 25-i Afrika Günü kimi qeyd olunur. Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin müraciətinə əsasən, AFFA-nın təşəbbüsü ilə ölkəmizdə Afrika Gününün qeyd olunması barədə razılıq əldə edilib.

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda Afrika mənşəli futbolçuların çıxış etdiyi nəzərə alınaraq, Assosiasiya tərəfindən klublara müraciət ünvanlanıb. Nəticədə həmin futbolçuların iştirakı ilə (COVID-19-la bağlı müvafiq prosedurlara riayət etməklə) klubdaxili kiçik tədbirlərin təşkili ilə Afrika Gününün qeyd edilməsi təklif olunub.

“Səbail” və “Keşlə” klubları təklifi müsbət dəyərləndiriblər. Tədbirlərdə klubların rəhbərliyi, Afrika mənşəli oyunçuları, aşağı yaş qruplarından ibarət komandaların üzvləri, Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarç və AFFA-nın nümayəndələri iştirak ediblər.

Tədbirlərin təşkilinə AFFA tərəfindən dəstək göstərilib və iştirakçılara hədiyyələr təqdim olunub.


Xəbər 484 dəfə oxundu.