Tokio Olimpiadası: Xarici nümayəndə heyətlərində yer alacaq şəxslərin sayı yarıdan çox azaldılıb
Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında xarici nümayəndə heyətlərində yer alacaq şəxslərin sayı təxminən 78 min nəfər təşkil edəcək.

Bu barədə onlayn mətbuat konfransında Tokio Olimpiadasının təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto bildirib. O deyib ki, əvvəlcə xarici nümayəndə heyətlərinin tərkibində Oyunlara təxminən 180 min nəfərin gəlməsi planlaşdırılsa da, daha sonra onların sayı yarıdan çox azaldılaraq 78 min nəfərə qədər endirilib. Təşkilat komitəsinin sədri Olimpiya oyunlarında 59 min, Paralimpiya oyunlarında isə 19 min xarici qonağın - müxtəlif idman rəsmilərinin, sponsor nümayəndələrinin və jurnalistlərinin iştirak edəcəyini bildirib.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili planlaşdırılıb.


Xəbər 361 dəfə oxundu.