Bakıda ilk dəfə keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının birinci gününə yekun vurulub
Mayın 21-də Bakıda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları start götürüb.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Mötəbər yarışın birinci günündə 12-14 yaş kateqoriyasında çıxış edən gimnastlar fərdi kişilər, üçlük və qarışıq cütlük yarışlarında güclərini sınayıblar. 15-17 yaşlı gimnastlar isə fərdi qadınlar və üçlük yarışlarında çıxış ediblər.

12-14 yaş kateqoriyasında fərdi kişilərin yarışında rusiyalı idmançılar Artyom Xuruji, Kirill Timofeyev, Bolqarıstan təmsilçiləri Aleksandr Mişinkov, Atanas Blagoev, Portuqaliya gimnastları Tiaqo Pinheiro, Manuel Resendes, Darius Yurgeleviçius (Litva) və indoneziyalı Visnu Kaleb Kristian finala yüksəliblər.

Qadınlardan ibarət üçlüklərin yarışında Azərbaycanı təmsil edən Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət ikinci komanda təsnifatda altıncı olub və finala yüksəlib. Gimnastlarımızın çıxışı 17,950 xalla qiymətləndirilib. Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət digər komandamız isə 17,600 xalla 10-cu olub və həlledici mərhələyə adlaya bilməyib. Trioların çıxışında Azərbaycan-2 ilə yanaşı, Rusiya, Rusiya-2, Macarıstan, Macarıstan-2, Portuqaliya, Bolqarıstan və Ukrayna-2 komandaları finalda mübarizə aparacaqlar.

Qarışıq cütlüklərin yarışında təsnifat mərhələsində uğurla çıxış edən Rusiya, Rusiya-2, Bolqarıstan, Bolqarıstan-2, Portuqaliya, Portuqaliya-2, Litva və Ukrayna kollektivləri həlledici mərhələyə vəsiqə qazanıblar.

15-17 yaşlı idmançılar arasında fərdi qadınların mübarizəsində Azərbaycan təmsilçisi Dilarə Qurbanovanın çıxışı hakimlər tərəfindən 18,450 xalla qiymətləndirilib. Gimnastımız yarışı 16-cı pillədə başa vurub. Finala isə rusiyalı Varvara Zibina, Macarıstan təmsilçisi İlona Goergeni, Rumıniya idmançısı Klaudia Ristea, bolqarıstanlı Borislava İvanova, İtaliya gimnastları Luçrezia Rexhepi, Alise Pettinari, Fransa idmançısı Maelis Lenklos və türkiyəli Şimal Seyman adlayıblar.

Qadın gimnastlardan ibarət üçlüklərin yarışında Rumıniya, Rusiya, Rusiya-2, Türkiyə, İtaliya, Macarıstan, Macarıstan-2 və Portuqaliya-2 komandaları fərqlənərək medallar uğrunda mübarizə aparmaq hüququ qazanıblar.


Xəbər 379 dəfə oxundu.