FHN-in Tokio Paralimpiadasına vəsiqə qazanan əməkdaşı ilə görüş keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nazirliyin “Tokio-2020” Paralimpiya Oyunlarına vəsiqə qazanan əməkdaşı, parataekvondoçu Aynur Məmmədova ilə görüşüb.

Görüşdə idmançının dördilliyin zirvə yarışa vəsiqə qazanmasının Azərbaycanda paralimpiya hərəkatının inkişafının göstəricisi olduğu vurğulanıb. F.Musayev qazandığı nailiyyət münasibətilə idmançıya təbriklərini çatdırıb, qiymətli hədiyyələr təqdim edib.

Xatırladaq ki, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, ikiqat dünya, dördqat Avropa çempionu, Prezident mükafatçısı Aynur Məmmədova mayın 7-9-da Bolqarıstanın paytaxtı Sofiyada keçirilən parataekvondo üzrə Avropa təsnifat turnirində yüksək nəticə göstərək qızıl medal qazanıb. İdmançımız 15 ölkədən 25-dən çox idmançının mübarizə apardığı turnirdə +58 kiloqram çəki dərəcəsində bütün qarşılaşmalarda qalib gəlib. O, gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə rəqibini qızıl xalla məğlub edib.

A.Məmmədova turnirin qalibi olmaqla, avqustun 24-dən sentyabrın 5-dək Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.


Xəbər 370 dəfə oxundu.