ADBTİA sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2020-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” adı uğrunda elan edilmiş müsabiqəyə yekun vurulub.
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə əsasnaməyə uyğun olaraq, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan bütün təşkilatlar təftiş edilib. Kollektiv müqavilədə əməyin mühafizəsi və əmək şəraiti, işəgötürənin vəzifələrini yerinə yetirməsi, əməyin yaxşılaşdırılması və təhlükəsizliyinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, ictimai müvəkkillərin və səlahiyyətli nümayəndələrin apardığı yoxlamalar, əməyin mühafizə xidməti, işçilərin həyatına və sağlamlığına təhlükə törədən işlərin, aradan qaldırılması üçün müəssisənin gördüyü işlər, işçilərin normalara müvafiq sanitar-məişət xidmətləri ilə təmin olunması, covid-19 pandemiyası ilə əlaqədar görülmüş tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müsabiqənin qalibi elan olunub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2020-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən fəxri diplomla təltif edilib.
Tədbirdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Azərbaycan Həmkarlar İttifaqları Konfedérasiyası "Əməyin mühafizəsi" şöbəsinin müdiri Vladimir Arqutkin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Rizvan Əliyev və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Quliyev və başqaları iştirak ediblər.

Xəbər 399 dəfə oxundu.