Azərbaycan-2 komandası aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının finalına yüksəlib
Azərbaycanlı trio Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının finalına yüksəlib.

Azərbaycanı təmsil edən Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət ikinci komanda üçlüklərin yarışında altıncı olub və finala yüksəlib. Gimnastlarımızın çıxışı 17,950 xalla qiymətləndirilib.

Məryəm Topçubaşeva, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət komandamız isə 17,600 xalla 10-cu olub və həlledici mərhələyə adlaya bilməyib.

12-14 yaş kateqoriyasında çıxış edən trioların çıxışında Azərbaycan-2 ilə yanaşı, Rusiya, Rusiya-2, Macarıstan, Macarıstan-2, Portuqaliya, Bolqarıstan və Ukrayna-2 komandaları finalda mübarizə aparacaqlar.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 395 dəfə oxundu.