“Neftçi”nin potensial rəqibləri müəyyənləşib
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi” futbol klubunun potensial rəqibləri müəyyənləşib.

Birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Samir Abbasovun yetirmələri “səpələnməmişlər” səbətində yer alıblar. Bu səbətdə “Neftçi”dən başqa HİK (Finlandiya), “Riqa” (Latviya), “Şaxtyor” (Belarus), “Şemrok Rovers” (İrlandiya), “Konnah” (Uels), “Valyur” (İslandiya), “Bodo Qlimt” (Norveç), “Hamrun” (Malta), ilkin mərhələnin qalibi, Albaniya və Şimali İrlandiya çempionu olacaq klublar yer alıblar.

“Neftçi”yə potensial rəqib olacaq “səpələnmiş” kateqoriyadakı 17 klubdan yalnız dördü dəqiqləşməyib. Müəyyənləşən komandalar “Dinamo” (Xorvatiya), “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya), “Lüdoqorets” (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Slovan” (Slovakiya), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Jalgiris”dir (Vilnüs, Litva).

Ümumilikdə birinci təsnifat mərhələsində 32 komanda iştirak edəcək ki, onlardan 23-ü bəllidir. Klublardan 13-ü “səpələnmiş”, 12-si “səpələnməmişlər” səbətində yer alsa da, 9 komandanın hansı səbətdə yer alacağı hələ məlum deyil.

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.

Xəbər 349 dəfə oxundu.