Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Yaponiyaya səfər edəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Baxın Yaponiyaya növbəti səfəri iyulun 12-də gözlənilir.

Bu barədə Kyodo agentliyi məlumat verib. Məlumatda vurğulanıb ki, BOK rəhbərinin səfəri “Tokio-2020”yə 11 gün qalmış baş tutacaq. Bundan əvvəl T.Baxın Yaponiyaya səfəri may ayında planlaşdırılmışdı. O, səfəri zamanı Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə görüşmək və Xirosimada keçiriləcək Olimpiya məşəli estafetinin mərhələlərindən birində iştirak etmək istəsə də, səfər koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili planlaşdırılıb.

Xəbər 333 dəfə oxundu.