Formula 1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir
Mayın 19-da media nümayəndələri Formula 1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Könüllülər və podratçı şirkətlərin nümayəndələri buraya gələrək qeydiyyat kartını, həmçinin uniformalarını əldə edirlər.

Formula 1 Azərbaycan Qran-Prisinə bir neçə həftə qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova deyib: “Artıq könüllülərin təlimi başa çatmaq üzrədir. Uniforma və akkreditasiyanın alınması çox vacibdir. Çünki onlar olmadan könüllülərin müxtəlif zonalara və məkanlara girişi qadağandır. Akkreditasiya kartında könüllünün adı, soyadı, vəzifəsi və işləyəcəyi məkan qeyd olunur”.

Könüllülərin çox fəal olduqlarını bildirən İranə Əhmədova onların “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə birlikdə həvəslə çalışdıqlarını məmnuniyyət hissi ilə ifadə edib. Bildirib ki, əməliyyat şirkəti tərəfindən könüllülər üçün maraqlı tədbirlər hazırlanacaq, onlara sertifikatlar və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, mərkəzdə könüllülərin və işçi heyətinin asudə vaxtının səmərəli təşkili üçün də hər cür şərait yaradılıb.

Xəbər 390 dəfə oxundu.