Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək və Azərbaycan millisinin də iştirak edəcəyi futzal üzrə Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə qrup mərhələsinin oyunları 11 gün davam edəcək. Buna səbəb final mərhələsində iştirak edəcək komandaların sayının 12-dən 16-ya çatdırılmasıdır.

"A" və "C" qrupunun oyunları Amsterdamda, "B" və "D" qrupunun qarşılaşmaları isə Qroningendə keçiriləcək. Dörddəbir və yarımfinal, eləcə də üçüncü yer və final oyunları Amsterdamda təşkil olunacaq.

Qeyd edək ki, final mərhələsinin püşkatma mərasiminin tarixi hələ dəqiqləşməyib. Çox güman ki, bu tədbir noyabrda keçiriləcək pley-off oyunlarından sonra baş tutacaq.

Xəbər 385 dəfə oxundu.