Ən gənc yarımfinalçı Azərbaycan idmançısıdır

2012-ci il London Yay Olimpiya Oyunlarında yarımfinala yüksələn Azərbaycan akademik avarçəkənlərindən mübarizəyə əvvəlcə Aleksandr Aleksandrov qatılacaq. O, avqustun 1-də yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə saat 15:30-da) start xəttinə çıxacaq. Avarçəkənimiz 6-cı yürüş zolağında yer alacaq. Rəqiblər isə ilk 5 zolaqda ardıcıllıqla çinli Lianq Çanq, argentinalı Santyaqo Fernandes, çexiyalı Andrey Sinek, ¼ finalda da Aleksandrovu geridə qoymuş böyük britaniyalı Alan Kempbell, belçikalı Tim Meyens olacaq.

Lianq Çanq (Çin) – 14 yanvar 1987-ci ildə doğulub. 2011-ci il dünya çempionatında 10-cu yerin sahibi kimi London-2012-yə qatılıb. Əvvəllər Pekin-2008 (çıxış etməyib) olimpiadasında iştirak edib. Karyerası ərzində ən yüksək nəticə - Dünya Kubokunun mərhələ yarışlarında (2008, 2012) 4-cü, 2010-cu il dünya çempionatında 5-ci yer. London-2012-də seçmə yürüşü 6 dəqiqə 50,71 saniyə nəticə ilə 2-ci, ¼ final yürüşünü 7 dəqiqə 2,03 saniyə ilə 3-cü pillədə başa vurub.

Santyaqo Fernandes (Argentina) – 23 sentyabr 1976-cı ildə doğulub. Latın Amerikası üzrə Olimpiya Təsnifat Reqatasında 2-ci yerin sahibi kimi London-2012-yə qatılır. Əvvəllər Atlanta-1996 (yürüşə çıxmayıb), Afina-2004 (4-cü yer) və Pekin-2008 (1/4 finalçı) olimpiadalarında iştirak edib. Karyerası ərzində ən yüksək nəticə - 1995-ci il dünya çempionatında bürünc medal. London-2012-də seçmə yürüşü 6 dəqiqə 49,03 saniyə, ¼ final yürüşünü 7 dəqiqə 1,57 saniyə nəticə ilə 2-ci yerdə başa vurub.

Andrey Sinek (Çexiya) – 13 oktyabr 1982-ci ildə doğulub. 2011-ci il dünya çempionatının gümüş mükafatçısı kimi London-2012-yə qatılır. Əvvəllər Afina-2004 (2 nəfərlik qoşa avarlı qayıqla 5-ci yer), Pekin-2008 (gümüş medal) olimpiadalarında iştirak edib. Titulları - dünya çempionu (2010), 2 qat Avropa çempionu (2007, 2010), Dünya Kubokunun mərhələ yarışlarının 15 qat qalibi (2012 – 2 dəfə, 2011 – 2 dəfə, 2010 – 3 dəfə, 2008 – 1 dəfə, 2007 – 2 dəfə, 2005 – 2 dəfə, 2003 – 2 dəfə, 2002 – 1 dəfə). London-2012-də seçmə yürüşü 6 dəqiqə 53,23 saniyə, ¼ final yürüşünü 6 dəqiqə 53,32 saniyə nəticə ilə 1-ci yerdə başa vurub.

Alan Kempbell (Böyük Britaniya) – 9 may 1983-cü ildə doğulub. 2011-ci il dünya çempionatının bürünc mükafatçısı və təşkilatçı Böyük Britaniyanın nümayəndəsi kimi London-2012-yə qatılıb. Əvvəllər Afina-2004 (12-ci yer) və Pekin-2008 (5-ci yer) olimpiadalarında iştirak edib. Dünya Kubokunun mərhələ yarışlarının (2006, 2008, 2009) qalibi olub. London-2012-də seçmə yürüşü 6 dəqiqə 47,62 saniyə, ¼ final yürüşünü 6 dəqiqə 52,10 saniyə nəticə ilə 1-ci yerdə başa vurub.

Tim Meyens (Belçika) – 23 avqust 1981-ci ildə doğulub. Yekun Olimpiya Təsnifat Reqatasında 1-ci yerin sahibi kimi London-2012-yə qatılıb. Əvvəllər Afina-2004 (6-cı yer), Pekin-2008 (4-cü yer) olimpiadalarında iştirak edib. Karyerası ərzində ən yüksək nəticə - Dünya Kubokunun mərhələ yarışlarında (2004, 2009) 3 bürünc medal. London-2012-də seçmə yürüşü 6 dəqiqə 42,52 saniyə nəticə ilə 1-ci, ¼ final yürüşünü 6 dəqiqə 56,65 saniyə nəticə ilə 2-ci yerdə başa vurub.

Aleksandr Aleksandrov (Azərbaycan) – 9 aprel 1990-cı ildə anadan olub. 2011-ci il dünya çempionatında 9-cu pillənin sahibi kimi London-2012-yə qatılıb. Karyerasında ilk dəfə olimpiada həyəcanı yaşayır. Əvvəllər Bolqarıstan milli komandasının heyətində çıxış etdiyi vaxt 2 dəfə yeniyetmələr arasında dünya çempionu (2007, 2008), böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı olub. Azərbaycan millisinə keçdikdən sonra Aleksandrov 23 yaşadək akademik avarçəkənlər arasında 2010-cu il dünya çempionatında gümüş, 2012-ci il dünya çempionatında qızıl medal qazanıb. London-2012-də seçmə yürüşü 6 dəqiqə 49,81 saniyə nəticə ilə 2-ci, ¼ final yürüşünü 6 dəqiqə 56,36 saniyə nəticə ilə 3-cü yerdə başa vurub.

Qeyd edək ki, digər yarımfinal yürüşündə norveçli Olaf Tufte, almaniyalı Marsel Hakker, yeni zelandiyalı Meyh Drizdeyl, isveçli Lassi Karonen, kubalı Anxel Furnie Rodriges və litvalı Mindauqas Qrişkonis yer alıb. 22 yaşlı Aleksandr Aleksandrov 12 yarımfinalçı arasında ən gəncidir.

Xəbər 1379 dəfə oxundu.