Bakıda keçiriləcək beynəlxalq yarışda 18 ölkədən 202 gimnast iştirak edəcək
Bir həftədən sonra ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.

Milli Gimnastika Arenası öz qapılarını yeniyetmə və gənc aerobika gimnastları üçün açacaq.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları ölkəmizdə ilk dəfə keçiriləcək. 2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutub.

Mayın 21-23-də təşkil ediləcək yarışda 18 ölkədən 202 gimnastın iştirak gözlənilir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Gimnastlar yarışların ilk iki günü təsnifat mərhələsində yarışaraq öz aralarında finalçıları müəyyənləşdirəcəklər.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, yaş qrupları yarışları da tamaşaçı iştirakı olmadan keçiriləcək.

Buna baxmayaraq, gimnastika sevərlər bu yarışın həm təsnifat, həm də final mərhələlərini gymtv.online internet səhifəsi vasitəsilə canlı izləmək imkanı əldə edəcəklər. Gimnastlara çıxışlarından dərhal sonra verilən xallar haqda məlumatla https://www.smartscoring.com/az/ səhifəsindən tanış olmaq mümkündür.

Xəbər 364 dəfə oxundu.