Milli Paralimpiya Komitəsinin prezidenti lisenziya qazanmış idmançılarla görüşüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov parataekvondo üzrə Avropa təsnifat turnirində iştirak edən paralimpiyaçılar ilə görüşüb.

Görüşdə komitənin baş katibi Kamal Məmmədov, parataekvondo üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə komandanın digər üzvləri iştirak ediblər.

Tədbiri açan AMPK-nın prezidenti İ.Rəhimov yarışların uğurlu olduğunu və bu yarışlarda “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 4 lisenziya qazanıldığını qeyd edib. İ.Rəhimov qeyd edib ki, parataekvondo komandası daha da əzmlə çalışmalı və növbəti yarışlarda daha yaxşı nəticələr əldə etməlidir. Qarşıdakı əsas hədəf “Tokio-2020” Paralimpiya Oyunlarıdır. Bu Oyunlara cəmi 3 ay vaxt qalıb. Bu vaxt ərzində var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız”.

Komandanın baş məşqçisi F.Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə - “Tokio 2020”yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.

Xəbər 348 dəfə oxundu.