Gürcüstanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dostluq turniri başa çatıb
Gürcüstanda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Dostluq turniri başa çatıb.

Mayın 10-da Marneulidə yarışın final görüşləri və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvləri, güləş federasiyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qubernator Şota Resxviaşvili və digər rəsmi şəxslər Ulu Öndərin gürcü xalqı qarşısındakı xidmətlərindən danışıb, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin təşkilinə görə təşkilatçılara minnətdarlıq edib.

Azərbaycanın bu ölkədəki səfirliyinin və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkil etdiyi yarışda 16 idman klubunun çəkisi 20 kiloqramdan 75 kiloqrama qədər olan 150-yə yaxın idmançısı gücünü sınayıb.

Turnirdə ilk 1, 2 və 3-cü yerləri tutan idmançılara kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub.

Xəbər 352 dəfə oxundu.