Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin Tokioya səfəri təxirə salınıb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın Tokioya mayın 17-nə planlaşdırılan səfəri ölkədə koronavirus pandemiyası ilə bağlı ağır vəziyyətə görə təxirə salınıb.

Bu barədə Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi məlumat yayıb.

Bildirilir ki, BOK rəhbərinin yeni səfərinin tarixi ölkədə koronavirusla bağlı vəziyyətdən asılı olaraq təyin ediləcək.

Bu ərəfədə “Fuji TV” kanalı Tomas Baxın gələn ayın ortalarında Tokioya gələcəyi barədə məlumat yayıb.

Qeyd edilir ki, BOK rəhbərinin Yaponiya səfəri çərçivəsində onun Baş nazir Yoşihide Suqa ilə görüşü və Olimpiya məşəli estafetinin Xirosimada keçiriləcək mərhələsinə qatılması planlaşdırılırdı. T.Baxın hələ ötən il Xirosimaya səfəri nəzərdə tutulsa da, pandemiyaya görə həmin səfər təxirə salınıb.

Xatırladaq ki, Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. Hökumət Tokio da daxil olmaqla, bir neçə prefekturada tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini mayın 31-dək uzadıb.

Xəbər 345 dəfə oxundu.