Marneulidə Ulu Öndərin xatirəsinə həsr olunmuş güləş turniri keçirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Gürcüstanın Marneuli şəhərində sərbəst güləş üzrə Dostluq Turniri keçirilir.

Turnir Azərbaycanın Gürcüstandakı səfirliyinin, “SOCAR Georgia” şirkətinin və Gürcüstanın Azərbaycanlı İdmançıları Birliyinin birgə təşkilatçılığı ilə reallaşır.

Mayın 9-da turnirin açılışı olub. Mərasimdə səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçiləri və idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Yarışa Kvemo Kartli, Borçalı bölgəsindən 20-75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb.

Turnirin qalibləri kubok, medallar və sertifikatlarla mükafatlandırılacaqlar.

Təltifetmə mərasimi mayın 10-da keçiriləcək.

Qeyd edək ki, mayın 10-da Tbilisidə Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri, mayın 11-də isə Gürcüstan və Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandalarının dostluq oyunu da təşkil olunacaq.

Xəbər 410 dəfə oxundu.