"Səbail" öz meydanında "Neftçi"yə böyük hesabla məğlub olub | |
Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. Günün ikinci matçında "Səbail" çempionluğa iddialı "Neftçi"ni qəbul edib. "ASCO Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin qollarını 13-cü dəqiqədə Voyislav Stankoviç, 62-ci dəqiqədə Yusuf Laval, 72-ci dəqiqədə Keysuke Honda, 79-cu dəqiqədə isə penaltidən Namiq Ələsgərov vurub. Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir. Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0 hesabı ilə yenib. Tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq. |
|
Xəbər 397 dəfə oxundu. |
|
|