Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın adları açıqlanıb
Gənclər və İdman Nazirliyi Tokioda keçiriləcək XXXII Yay Olimpiya və XVI Yay Paralimpiya oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının siyahısını açıqlayıb.

Azsport.az nazirliyin saytına istinadla xəbər verir ki, indiyədək idmançılarımız Olimpiadaya 19, Paralimpiadaya isə 9 lisenziya qazanıblar.

Olimpiya Oyunlarına ən çox lisenziyanı güləşçilərimiz əldə ediblər. Pəhləvanlarımızdan 6 nəfər – Mariya Stadnik (50 kq), Elis Manolova (68 kq), sərbəst güləşçilərimizdən Hacı Əliyev (65), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərimizdən isə İslam Abbasov (87 kq) “Tokio-2020”yə lisenziya qazanıblar.

Gimnastlarımız Olimpiya Oyunlarına 4 lisenziya əldə ediblər. Bədii gimnastlarımızdan Zöhrə Ağamirova (çoxnövçülük), Azərbaycanın qrup hərəkətləri komandası (qrup-çoxnövçülük), Marina Nekrasova və İqor Tixonov (hər ikisi çoxnövçülük) bu lisenziyaları komandamızın aktivinə yazıblar.

Olimpiadaya digər lisenziyaları atletlər Anna Skidan (çəkicatma) və Nazim Babayev (üçtəkanla tullanma), üzgüçü Maksim Şemberev (400 m, qarışıq), taekvondoçular Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (80 kq), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma), boksçu Tayfur Əliyev (57 kq), qılıncoynadanlardan Anna Başta (sablya) və şose velosipedi üzrə Azərbaycan komandası qazanıblar.

XV Yay Paralimpiya Oyunlarına isə atletlərimizdən Oloxan Musayev (lövhəatma), Samir Nəbiyev (nüvəitələmə), Kamil Əliyev (uzunluğa tullanma), üzgüçülərdən Raman Salei (100 m arxasıüstə), Dana Sandıbina və Vəli İsrafilov, atıcılarımızdan Yelena Taranova (25 m), Kamran Zeynalov (50 m) və pauerliftinqçi Elşən Hüseynov (+107 kq) sahib olublar.

Qeyd edək ki, taekvondoçumuz Radik İsayev hazırda Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparır. İdmançımız bu turnirin yarımfinalına vəsiqə qazanıb.

Xəbər 348 dəfə oxundu.