Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ildə beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etmişdir
Prezident ayrı-ayrı növlər üzrə dünya və qitə çempionatlarında, kubok yarışlarında qızıl və gümüş medallara, digər mükafatlara layiq görülmüş idmançılarımızı təbrik etdikdən sonra dedi ki, xalqımız, dövlətimiz gənc idmançıların müvəffəqiyyətlərinə sevinir və bunu yüksək qiymətləndirir. Əlimizdən gələn köməyi etməyə hazırıq ki, gənclərimiz həm təhsildə, əməkdə, Vətənin müdafiəsində, elmdə, mədəniyyətdə, həm də idmanda, bədən tərbiyəsində yaxşı nailiyyətlər qazansınlar. Müstəqil Azərbaycan dövlətinin idmanını dünya miqyasında layiqincə təmsil edənlər, tanıdanlar, bayrağımızı yüksəklərə qaldıranlar bizim fəxrimizdir.
Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir.
Dövlət başçısı razılıq hissi ilə dedi ki, sizin nailiyyətləriniz xalqımızın fiziki cəhətdən sağlam bir xalq olduğunu, hər bir azərbaycanlının yüksək idman nəticələri göstərməyə qadir olduğunu sübut edir. Sizin qələbələriniz Azərbaycan gənclərini həvəsləndirəcək, idmana daha çox cəlb edəcək və respublikamızda idmanın inkişafına geniş yol açacaqdır. Prezident idmançıları əmin etdi ki, biz müharibəni qurtaracaq, işğal olunmuş torpaqlarımızı geri qaytaracaq, ərazi bütövlüyümüzü qoruyub saxlayacaq və gələcəkdə həyatımızın bütün sahələri kimi, idmanımızın inkişafı üçün geniş imkanlar yaradacağıq.
Görüşdə çıxış edən idmançılar respublikanın bu ağır vaxtında səmimi qəbul üçün prezidentə təşəkkürlərini bildirərək, qarşılaşdıqları problemlərdən, çətinliklərdən də danışdılar. Onlar dedilər ki, müharibəyə və maddi çətinliklərə baxmayaraq, qarşıdakı yarışlarda da inamla çıxış edəcək, Azərbaycan xalqının və dövlətinin başını daim uca tutacaqlar.
Sonra idmançılara qiymətli hədiyyələr təqdim olundu.

24 noyabr 1993-cü il

Xəbər 2985 dəfə oxundu.