Güləşçilərimiz lisenziya turnirinin dörddəbir finalına vəsiqə qazanıblar
Yunan-Roma güləşçilərimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində uğurlu çıxışlarını davam etdirirlər.

Millimizin üzvü Rafiq Hüseynov (77 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. İkiqat Avropa çempionumuzun növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Xalçadan qalib ayrılan təmsilçimiz dörddəbir finalda Abd Elkrim Ouakali (Əlcəzair) ilə üz-üzə gələcək.

Təmsilçimiz Beka Kandelaki (130 kq) isə Oskar Marvikdən (Norveç) üstün olaraq dörddəbir finala adlayıb. Güləşçimizin rəqibi Rafal Krayevski (Polşa) olacaq.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Xəbər 350 dəfə oxundu.