Bu gün Olimpiadada Azərbaycanın akademik avarçəkənləri növbəti sınaqlarına çıxacaqlar
Bu gün Olimpiadada Azərbaycanın akademik avarçəkənləri növbəti sınaqlarına çıxacaqlar. İdman.com.az saytının məlumatına görə, təsnifat mərhələsini uğurla başa vuran Aleksandr Aleksandrov və Nataliya Mustafayeva 1/4 final mərhələsində qüvvələrini sınayacaqlar.

Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən 22 yaşlı Aleksandrov start xəttinə saat 15:00-da çıxacaq. Təmsilçimiz Anderson Nosetti (Braziliya), Marsel Haker (Almaniya), Alan Kampbell (Böyük Britaniya), Patrik Lologer Salas (Meksika) və Donqyonq Kimlə (Cənubi Koreya) II qrupda mübarizə aparacaq. Aleksandr II yürüş zolağında yer alacaq.

Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışacaq. O, Aleksandrovdan 40 dəqiqə sonra IV qrupda III yürüş zolağına çıxacaq. Nataliyanın rəqibləri Haruna Sakakibara (Yaponiya), Yeji Kim (Cənubi Koreya), Yekaterina Karsten (Belarus), Fie Udbi Eriçsen (Danimarka) və Kissya da Kosta (Braziliya) olacaqlar.

Hər 2 yarışda yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar yarımfinala, digərləri isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

Xəbər 1299 dəfə oxundu.